"Xan Bağı" Karvansarası — Qarabağın Əfsanəvi Mənzil Yeri

“Xan bağı” karvansarası — Xankəndinin tarixi irsində mühüm yer tutan, XIX əsrə aid mehmanxana tipli karvansara olmuşdur. Ötən əsrin 30-cu illərinə qədər fəaliyyət göstərmiş bu tikili zamanla məhv olsa da, bölgənin mədəni yaddaşında öz izini qoruyub saxlamışdır.

Qarqar çayının sol sahilində, Şuşa–Ağdam yolu üzərində, Malıbəyli körpüsü yaxınlığında yerləşən karvansara əlverişli coğrafi mövqeyə malik Qarabağ–Zəngəzur istiqamətlərində hərəkət edən karvan və səyyahlar üçün mühüm dayanacaq rolunu oynayırdı. Ərazi çinar ağaclarının kölgəsi və bulaq suyu ilə seçilən rahat mühitə malik olmuşdur.

Karvansarada geniş yataq otaqları, yeməkxana, çayxana və digər xidmət sahələri fəaliyyət göstərirdi. Onu fərqləndirən əsas xüsusiyyətlərdən biri isə musiqi məclislərinin təşkil olunduğu salon idi. Burada mütəmadi olaraq xanəndə və musiqiçilərin iştirakı ilə məclislər keçirilir,  Qarabağ muğamı və aşıq musiqisi ifa olunurmuş. Həyətyanı sahədə isə buzxana, nalbəndxana, dəmirçixana, ticarət sahələri və atlar üçün xüsusi meydança mövcud idi ki, bu da karvansaranın kompleks xidmət mərkəzi kimi fəaliyyət göstərdiyini sübut edir. “Xan bağı” karvansarası, Xankəndinin ticarət, mədəni və qonaqpərvərlik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.

TARİXİ ABİDƏLƏR